Azərbaycanda dövlət siyasətinin bütün istiqamətləri uğurla inkişaf etdirilir. Yeni inkişaf yolları, müasir zamanın nəbzini tuta bilən və gələcəyə hesablanan addımlar ölkəmizi regionda lider dövlətə çevirməklə yanaşı , bəzi sahələrdə dünyanın iqtisadi cəhətdən qüdrətli ölkələri ilə rəqabət aparmaq imkanı da qazandırır. Azərbaycan bir sıra sosial və iqtisadi layihələrdə hətta uğurlu nümunə etalonuna çevrilib.
Ölkəmizdə bu istiqamətlərdən biri kimi həyata keçirilən gənclər siyasəti yeni mərhələni təşkil edir. Azərbaycanda gənclərə yaradılan şərait ona əsas verir ki, hər bir gənc vətənpərvər və sağlam düşüncədə özünü inkişaf etdirsin.
Gənclik böyük qüvvədir. Tarixin bütün dövrlərində gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər. Bugünkü müasir dünyada həyatımızın ayrılmaz tərkib hissəsi olan yeni texnologiyaların kəşfi, gənclərimizin ondan müxtəlif sahələrdə uğurla istifadəsi onu göstərir ki, savadlı, zehinli, dünyagörüşlü bir nəsil yetişməkdədir. Savadlı, bilikli gənc nəslin formalaşdırılması üçün güclü lider və güclü ölkənin olması ən böyük şərtdir.
Dövlətin həyata keçirdiyi gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında özünü müsbət yöndə inkişaf etdirməkdədir. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həll edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının tətbiqi və həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə dövlət gənclər siyasəti istiqamətində atılan mühüm addımlardır.
Bəli, bu gün inamla deyə bilərik ki, bizim güclü liderimiz, güclü ölkəmiz, Vətənimiz, yetişməkdə olan sağlam və güclü gəncliyimiz var.
Naxçıvan şəhəri 2018-ci il İslam ölkələrinin Mədəniyyət Paytaxtı və Azərbaycanın Gənclər Paytaxtı seçilib. Əlbəttə, bu, hər bir gəncin həyatında görmək istədiyi əlamətdar hadisədir, bu hadisənin iştirakçısı olmaq isə qürurvericidir. Gənclərin son dövrlərdə keçirilən tədbirlərdə yaxından iştirak etmələri ondan xəbər verir ki, bu gün muxtar respublikamızda gənclərin ictimai həyatda fəal iştirakı dövlət gənclər siyasətinin tərkib hissəsidir. Eyni zamanda, muxtar respublikamızda keçirilən mədəni-kütləvi tədbirlərdə gənclərin könüllülük prinsipi əsasında iştirakı onu göstərir ki, gənclərin sərbəst fəaliyyəti, liderlik və özünü ifadə etmə prinsipi əsasında gələcək karyeraları üçün ən yaxşı imkanlar yaradılıb.
Hazırda muxtar respublika əhalisinin 134 min nəfərdən çoxunu, yəni 31 faizini 14-29 yaşlı gənclər təşkil edir. Onların sağlamlığının qorunması, yüksək səviyyəli təhsilə yiyələnmələri məqsədilə səhiyyə müəssisələri, ümumtəhsil və musiqi məktəbləri istifadəyə verilib. Bununla yanaşı, muxtar respublikada 12 idman federasiyası fəaliyyət göstərir və bu da gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Gənclər muxtar respublikamızda dövlət siyasətinin mühüm hissəsini əhatə edir. Gənclər cəmiyyətin aparıcı qüvvəsi kimi qəbul olunmaqla yanaşı, onların fikirləri, təklifləri dinlənilir və öyrənilir, buna uyğun olaraq addımlar atılır, daha doğrusu, bu sahədə praqmatik siyasət yürüdülür. Məqsədyönlü gənclər siyasətinin səbəbi isə çox sadədir: gənclər istənilən zaman böyük, yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi dövlətin gələcəyini qorumaq baxımından mühüm məsələdir. Gənc nəslin inkişaf səviyyəsi dövlətin, cəmiyyətin sosial-iqtisadi, həmçinin siyasi həyatının tərəqqi göstəricisinə çevrilir. İndi əminliklə deyə bilərik ki, bu gün muxtar respublikamızın gəncləri fəal sosial təbəqə kimi demokratikləşmə prosesində yaxından iştirak edir, idman, elm, mədəniyyət və iqtisadiyyat sahələrində böyük uğurlara imza atırlar.
Gənclərimizin hərtərəfli inkişafını, beynəlxalq aləmə inteqrasiyasını vacib məsələlərdən biri kimi görən ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanılmasında, əbədi olmasında gənc nəslin çiyinlərinə daha ağır yükün düşdüyünü bildirərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Bugünkü gənclik tərəqqi yolundadır, tərəqqi isə insan varlığının formasıdır. Biz gənclər tərəqqini inkişafa çevirməli, bu yolda güclü liderimizin ətrafında birləşərək ölkəmizi tərəqqidən inkişafa doğru aparmalıyıq.
Gəncliyə göstərilən diqqət və qayğının nəticəsidir ki, hərtərəfli biliyə, məsuliyyət hissinə, geniş dünya görüşünə, xalqımızın milli, mədəni dəyərlərinə yiyələnən, Vətənini sevən, qoruyan, onun şərəfini uca tutan sağlam nəsil yetişməkdədir. Bu gün Naxçıvan Muxtar Respublikasında gənclər milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər. Unutmamalıyıq ki, Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir.
Azad CABBAROV
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri,
Naxçıvan Muxtar Respublikasının Yeni Azərbaycan Partiyasının Heydər Əliyev adına Gənclər Birliyinin sədri