Noyabrın 22-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı başlayıb.
NUHÇIXAN xəbər verir ki, çempionatda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə yarışlarda mübarizə aparırlar. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunur.
Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında qalib olublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yerə layiq görülüblər.
“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna daşıyan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.
Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan, Rusiya və digər ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.