Noyabrın 22-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futbol üzrə Millətlər Liqasının pley-off mərhələsinin püşkü atılıb.
NUHÇIXAN xəbər verir ki, “Avro 2020”ə son 4 vəsiqə uğrunda 16 komanda mübarizə aparırdı. Millətlər Liqasının qrup mərhələsinin nəticələrinə əsasən, komandalar pley-off üçün 4 qrupda yer alıblar. Hər qrupda yer alan 4 komanda arasında gələn il martın 26-da yarımfinal matçları keçiriləcək. Yarımfinalda uğur qazanan komandalar martın 31-də finalda üz-üzə gələcəklər və qaliblər “Avro 2020”yə vəsiqəni təmin edəcəklər.
Püşk üçün A liqasında İslandiya, B liqasında Bosniya və Herseqovina, Slovakiya, İrlandiya və Şimali İrlandiya, C liqasında Şotlandiya, Norveç və Serbiya, D liqasından isə Gürcüstan, Şimali Makedoniya, Kosovo və Belarus yer alıblar. Bolqarıstan, İsrail, Macarıstan və Rumıniyanın rəqibləri püşkdən sonra müəyyənləşib. Bu komandalar A və C liqalarında yer alıblar.
Beləliklə, püşkatmadan sonra liqalar üzrə yarımfinallarda qarşılaşacaq rəqiblər aşağıdakı kimi müəyyənləşib:
A liqası:
İslandiya – Rumıniya;
Bolqarıstan – Macarıstan.
B liqası:
Bosniya və Herseqovina - Şimali İrlandiya;
Slovakiya – İrlandiya.
C liqası:
Şotlandiya – İsrail;
Norveç – Serbiya.
D liqası:
Gürcüstan – Belarus;
Şimali Makedoniya – Kosovo.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. Turnirdə 24 komanda altı qrupda mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar, habelə üçüncü yeri tutan yığmalar arasında ən yaxşı nəticə göstərən yığmalar səkkizdəbir finala yüksələcəklər.
Avropa çempionatının final mərhələsi iyunun 12-dən iyulun 12-dək keçiriləcək.