İtaliyanın paytaxtı Romada bodibildinq üzrə nüfuzlu açıq “Diamond Cup” beynəlxalq Avropa turniri keçirilib.
NUHÇIXAN xəbər verir ki, mens fizik yarışlarında ölkəmizi təmsil edən İmaş Qulizadə möhtəşəm çıxışı ilə ikinci olub.
Cari ildə ölkə çempionatının qalibi, Azərbaycan kubokunun gümüş medalını qazanan İ.Qulizadə bildirib ki, turnirə hazırlığın ilk hissəsi Bakıda oldu. Təlim-məşq toplanışımın ikinci hissəsini isə Kiyevdə davam etdirdim. Hazırlığın son günləri məşqlərim çox çətin keçdi. Karbohidratı azaltdığım üçün vəziyyətim o qədər də yaxşı deyildi. Ağır məşqlər keçdi. Ancaq zülal qəbul edirdim.
“Mənə dəstək olduğu üçün şəxsi məşqçim, dördqat dünya çempionu Dmitri Horobetsə minnətdarlığımı bildirirəm. O, zəngin təcrübəsini mənimlə bölüşdü və lazımi tapşırıqlarını verdi. Əsasən əzələlərin nümayiş olunması üzərində çalışdıq. Bu istiqamətdə daha yaxşı nümayiş formaları ilə məni tanış etdi”, - deyə İ.Qulizadə əlavə edib.
“Diamond Cup” üçün qrimini Ukrayna Bodibildinq Federasiyasının əməkdaşı tərəfindən edildiyini deyən Azərbaycan çempionu qeyd edib ki, yarışdan iki gün əvvəl Romada oldum. Pəhrizimi pozmayım və gücümü sərf etməyim deyə hoteldən çölə çıxmadım. Fikrimi ancaq yarışa yönəltmişdim. Turnir zamanı idmançı sayı çox olduğu üçün səhnəyə çıxmağımız gecikdi.
Qalib olan fransalı idmançı ilə bütün xallarının eyni olduğunu bildirən İ.Qulizadə əlavə edib ki, hakimləri tənqid etmək istəməzdim. Ancaq ətrafdakılar mənim daha yaxşı formada olduğumu deyirdilər. Bəlkə də, ilk dəfə qitə turnirində çıxış etdiyim üçün birinci yeri mənə vermədilər. Gözəl forma nümayiş etdirdiyim üçün çox sevincliyəm. Ən əsası Azərbaycanı mötəbər turnirdə layiqincə təmsil etdim. Məşqçimə minnətdarlığımı bildirirəm və gələcəkdə də əməkdaşlığı davam etdirməyi düşünürəm. Yeni mövsümün yarışlarına gələn ilin aprelindən start veriləcək. İki-üç ay istirahət etdikdən sonra yenidən məşqlərə başlayacağam. Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bunyatəliyev, baş katib Cəmil Bunyatəliyev və müəllimlərimdən Vüqar Verdiyevə də öz minnətdarlığımı bildirirəm.