Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində noyabrın 22-də start götürən alpaqut Turan döyüş sənəti üzrə ikinci Dünya Çempionatına yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, bu nüfuzlu yarışda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparıb. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunub. Üç gün davam edən dünya çempionatının yekun nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub. Türkiyə komandası ikinci, İran alpaqutçuları isə üçüncü yerə layiq görülüblər.
Yarışda yüksək nəticə göstərmiş idmançılar təltif ediliblər. Qaliblərə mükafatı Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti Qənirə Paşayeva təqdim edib.
Qeyd edək ki, alpaqut üzrə üçüncü dünya çempionatı 2020-ci ildə Türkiyədə keçiriləcək.
Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci Dünya Çempionatında Azərbaycan idmançıları komanda hesabında birinci, Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yeri tutmuşdular.
“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.
Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan, Rusiya və digər ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.