Misir Prezidenti dünya çempionatında iştirak edəcək futbol üzrə milli yığma komandanın üzvləri ilə görüşüb
Misir Prezidenti Əbdülfəttah əs-Sisi iyunun 9-da Prezident sarayında futbol üzrə 2018-ci il dünya çempionatında iştirak etmək üçün Rusiyaya yola düşən milli yığma komandanın üzvləri ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, Misir Prezidenti dəftərxanasının rəsmi nümayəndəsi Bassem Radanın verdiyi məlumata görə, Əbdülfəttah əs-Sisi görüşdə futbolçulara uğurlar arzulayıb və ölkə yığmasını Misir xalqını qələbələrlə sevindirmək üçün səylərini əsirgəməməyə çağırıb.
Görüşdə Çempionlar Liqasında Madridin “Real” komandası ilə keçirilən final matçında çiynindən zədələnən yığma komandanın hücumçusu, İngiltərənin “Liverpul” klubunun oyunçusu Məhəmməd Salah da iştirak edib. O, sağlamlığının bərpa olunduğunu və yaxşılaşdığını bildirib.
Futbolçularla görüşdən sonra Prezident Əbdülfəttah əs-Sisi öz “Twitter” səhifəsində yazıb ki, Misirin övladlarına, onların qələbə əzmi və ölkənin adını yüksəklərə qaldıracağına böyük inamı var. Dövlət başçısı vurğulayıb ki, “biz hamımız Misir yığmasını dəstəkləməliyik”.
Futbol üzrə Misir yığması bazar günü Rusiyaya yola düşür. Dünya çempionatının matçları iyunun 14-dən iyulun 15-dək keçiriləcək. Misir “A” qrupunda iyunun 15-də Uruqvay, iyunun 19-da Rusiya və iyunun 25-də Səudiyyə Ərəbistanı ilə qarşı-qarşıya gələcək.