NUHÇIXAN xəbər verir ki, futbol üzrə Naxçıvan Muxtar Respublika Çempionatında (Region Liqasının Naxçıvan Muxtar Respublika zonası) növbəti turun oyunları keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın üçüncü turuna Şərur Olimpiya İdman Kompleksinin stadionunda start verilib.
Qərb zonasının ilk oyununda Naxçıvan Dövlət Universitetinin komandası “Sədərək” komandasını sınağa çəkib və meydanı 6:1 hesablı qələbə ilə tərk edib. Şərurun “Arpaçay” komandası isə ilk iki turda qələbə qazanan Kəngərlinin eyniadlı komandasını böyükhesablı məğlubiyyətə uğradıb – 7:1.
Mərkəzi zonada isə “Araz-Naxçıvan” növbəti böyükhesablı qələbəsini bayram edib. “Qırmızı-ağlar” bu dəfə Culfanın “Əlincə” komandasını 12 dəfə mərkəzə “dəvət” edib – 12:0. İlk iki turu məğlubiyyətlə başa vuran “Babək” komandası isə bu tur qələbəyə sevinib. Babəklilər Şahbuzun “Batabat” komandasını 4:0 hesabı ilə məğlub etməyi bacarıblar.
Qeyd edək ki, çempionat Mərkəz və Qərb zonaları üzrə keçirilir. Müvafiq olaraq 3 və 4 dövrədən ibarət zona yarışları sonunda turnir cədvəlində 1 və 2-ci yerləri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Burada qalib olan komanda isə muxtar respublikanı Azərbaycan Region Liqasında təmsil edəcək.