Noyabrın 29-da Türkiyə Superliqasının XIII turunun açılış matçında "Yeni Malatyaspor" səfərdə "Gənclərbirliyi"nin qonağı olub.
NUHÇIXAN xəbər verir ki, "Əryaman" stadionunda keçirilən görüşdə tərəflər hər biri üç qol vuraraq heç-heçə ediblər. Qarşılaşmada Malatya təmsilçilərinin qollarını Tievi Bifouma (44), Robin Yalçın (85, 88), meydan sahiblərinin qollarını isə Covanni Sio (52), Boqdan Stanku (76) və Rahmetullah Berisbek (90) vurub.
Bu oyundan sonra "Yeni Malatyaspor" 20 xalla altıncı, "Gənclərbirliyi" isə 14 xala 11-ci pillədə qərarlaşıb.
Turnir cədvəlinə 24 xalla "Sivasspor" başçılıq edir. "Trabzonspor" və "Başakşəhər" klubları 22 xalla müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.
Noyabrın 30 və dekabrın 1-də "Rizəspor" – "Konyaspor", "Sivasspor" - "Kasımpaşa", "Alanyaspor" – "Ankaragücü", "Göztəpə" – "Fənərbağça", "Qaziantepspor" – "Dənizlispor", "Başakşəhər" - "Antalyaspor" və "Trabzonspor" – "Qalatasaray" görüşləri keçiriləcək.
Tura dekabrın 2-də "Beşiktaş" – "Kayserispor" matçı ilə yekun vurulacaq.