Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan güləşçiləri ikisi qızıl olmaqla, ümumilikdə yeddi medal qazanıblar.
Doxsan iki kiloqram çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Şamil Zubairov dörddəbir finalda Rusiya, yarımfinalda isə Ermənistan təmsilçisini məğlub edən idmançımız finalda Gürcüstan güləşçisi İrakli Mtsituri ilə qarşılaşıb. O, qızıl medal uğrunda görüşdə gürcüstanlı rəqibinə tam üstünlüklə (8:1) qalib gəlib.
İkinci qızıl medalın sahibi Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) olub.
Sərbəst güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) gümüş, Murad Süleymanov (79 kq) bürünc medala sahib olub. Yunan-Roma güləşçilərindən isə Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) bürünc medala yiyələnib.