2020-ci il Olimpiya oyunlarının Təşkilat Komitəsi isti havaya görə iki idman növü üzrə yarışların vaxtını dəyişib
2020-ci il Tokio Olimpiya oyunlarının Təşkilat Komitəsi isti havaya görə iki idman növü – triatlon və atçılıq idmanı üzrə yarışların keçirilməsi vaxtının dəyişdiyini elan edib. Bu barədə məlumatı Təşkilat Komitəsinin mətbuat xidməti yayıb.
Triatlon üzrə kişilər və qadınlar arasında keçiriləcək fərdi yarışlar əvvəllər nəzərdə tutulduğu kimi yerli vaxtla saat 07:30-da deyil, 06:30-da başlayacaq. Qarışıq estafet yarışlar isə bir saat gec - 07:30-da start götürəcək. Kişilərin yarışının iyulun 27-də, qadınların isə iyulun280də keçirilməsi nəzərdə tutulub. Qarışıq estafet yarışları avqustun 1-də keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Təşkilat Komitəsi atçılıq idmanı yarışlarının da bir saat tez – 07:30-da keçirilməsini təsdiq edib. Triatlon və atçılıq idmanı üzrə yarışların vaxtının dəyişdirilməsi Beynəlxalq Olimpiya Komitəsi (BOK) və müvafiq federasiyalarla birlikdə müzakirə olunub. Bu təklifin təsdiq olunması isə dekabrın 3-dən 5-dək Lozannada keçirilən BOK İcraiyyə Komitəsinin iclasında həyata keçirilib.
BOK bundan öncə də qızmar havalar səbəbindən Olimpiadada marafon və idman yerişi yarışlarının paytaxt Tokiodan şimaldakı Sapporo şəhərinə köçürülməsi barədə qərar qəbul edib.
ХХХII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Yaponiyanın paytaxtında keçiriləcək. Yarışların təşkilinə 2 trilyon yen (17,8 milyard dollar) xərclənməsi nəzərdə tutulub.