Dekabrın 12-də “Qarabağ” UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:55-də start götürəcək.
E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kiprin APOEL-i komandası isə 7 xalla 2-ci yeri təmin edərək, pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəmlidir. Hazırda 4 xalla 3-cü sırada yer alan “Qarabağ” rəqibini 1 xalla qabaqlayır.
Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. “Qarabağ”ın qollarını Abdullah Zubir, Miçel, Riçard Almeyda və Dani Kintana vurub.
Görüşü Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohver olacaq. Silver Koiv və Sten Klaasen yan xətt hakimi qismində təyinat alıblar. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.