UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Qarabağ” - “Düdelanj” oyunu başlayıb.
NUHÇIXAN xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Şahruddin Məhəmmədəliyev, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, İsmayıl İbrahimli, Qara Qarayev, Abdulla Zubir, Mahir Əmrəli və Dani Kontana yer alıblar.
“Düdelanj”ın heyətində isə meydana Conatan Juber, Tom Şnell, Mario Pokar, Daniel Sinani, Dominik Stols, Thibaut Lesquoy, Mikael Qaros, Antoine Bernye, Məhəmməd Buçuari, Sabir Bouqrine və Loren Mendi çıxıblar.
Görüşü Estoniyadan olan hakimlər briqadası idarə edir. Baş hakimi Kristo Tohverdi olan oyunun yan xətt hakimləri Silver Koiv və Sten Klaasendir. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirir.
E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kiprin APOEL komandası isə 7 xalla 2-ci yeri təmin edərək, pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəmlidir. Hazırda 4 xalla 3-cü sırada yer alan “Qarabağ” rəqibini 1 xalla qabaqlayır.
Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. “Qarabağ”ın qollarını Abdullah Zubir, Miçel, Riçard Almeyda və Dani Kintana vurub.