Dekabrın 14-də Türkiyə Superliqasının XV turunda “Qalatasaray” doğma meydanda “Ankaragücü” komandasını qəbul edib.
NUHÇIXAN xəbər verir ki, qarşılıqlı hücumlarla yadda qalan oyunda klublar hərəyə iki dəfə fərqləniblər – 2:2. İstanbul təmsilçisinin qollarını Sofian Fequli və Younes Belhanda vurublar. Paytaxt klubunun heyətində isə İlhan Parlak və Stelios Kitsiou fərqləniblər.
Günün digər oyunlarında “Kasımpaşa” səfərdə “Rizəspor”un qapısından üç cavabsız top keçirib. “Gənclərbirliyi” komandası isə doğma meydanda “Göztəpə”ni 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Xatırladaq ki, turun açılış matçında “Alanyaspor” öz meydanında “Antalyaspor” ilə qolsuz heç-heçə edib.
Dekabrın 15-də “Qaziantep” - “Kayserispor”, “Sivasspor” – “Fənərbağça”, “Beşiktaş” – “Yeni Malatyaspor” görüşləri oynanılacaq. Tura dekabrın 14-də keçiriləcək “Başakşəhər” – “Konyaspor”, “Trabzonspor” – “Dənizlispor” matçları ilə yekun vurulacaq.
Hazırda “Sivasspor” turnir cədvəlinə 30 xalla liderlik edir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə yer alıblar.