İtaliyanın “Milan” futbol klubu Baş Futbol Liqasının (MLS) “Los-Anceles Qelaksi” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviçlə danışıqları davam etdirməklə bərabər, başqa namizədləri də nəzərdən keçirir.
“Milan”ın texniki direktoru Paolo Maldini bunu “Football Italia” portalına müsahibəsində bildirib.
NUHÇIXAN xəbər verir ki, Maldini həmin müsahibəsində deyib: “İbrahimoviç həqiqətən bizim komandada yer almağa namizədlərdən biridir və biz danışıqları davam etdiririk, amma biz başqa variantları da nəzərdən keçiririk. Vəziyyət günbəgün mürəkkəbləşir, çünki o, oktyabrın 28-dən sonra oynamayıb. Klub bütün istedadlı oyunçuların namizədliklərinə baxmağa hazırdır”.
“Los-Anceles Qelaksi” komandası ilə 38 yaşlı İbrahimoviçin müqaviləsinin müddəti 2019-cu ilin dekabrında başa çatır. Bir qədər əvvəl oyunçu bildirib ki, bu komanda ilə müqavilənin müddətini uzatmayacaq.
İbrahimoviç “Los-Anceles Qelaksi”yə 2018-ci ildə İngiltərənin “Mançester Yunayted” komandasından keçib. İsveçli hücumçu ABŞ klubunun heyətində keçirdiyi 57 oyunda 52 qol vurub və 14 uğurlu ötürmə edib.
2010-cu ilin yayından 2012-ci ilin yayına qədər “Milan” heyətində çıxış etmiş bu oyunçu 85 matçda 56 qol vurub və 24 uğurlu ötürmə edib. 2010/11-ci illər mövsümündə İtaliya çempionatının, 2011-ci ildə İtaliya Superkubokunun qalibi olub.
İsveç yığmasının heyətində 116 matç keçirmiş İbrahimoviç bu oyunlarda 62 dəfə fərqlənib. O, milli komandanın tarixində ən yaxşı “bombardir”dir. Hücumçu İsveçdə 11 dəfə (2005, 2007-2016) ilin futbolçusu hesab edilib.