Ağır atletika üzrə yığma komandamız Avropa birinciliyini doqquz medalla başa vurub
İdmançılarımız Avropa çempionatında iki rekord müəyyənləşdiriblər
İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatıb.
NUHÇIXAN xəbər verir ki, 37 ölkədən 498 idmançının (228 qız və 270 oğlan) iştirak etdiyi çempionatda Azərbaycan yığmasının üzvləri 9 medal – 2 qızıl, 3 gümüş və 4 bürünc qazanıblar.
Birincilikdə 15 yaşadək qızların yarışında Rahilə Hüseynova (76 kq) təkanla qaldırmada gümüş, toplamda bürünc medal qazanıb. Eyni yaş kateqoriyasında oğlanların mübarizəsində Elşən Məmmədov (61 kq) birdən qaldırma hərəkətində gümüş, təkanla qaldırmada bürünc medal qazanıb. Nurlan Məmmədzadə (73 kq) təkanla qaldırmada qızıl, toplamda gümüş medala sahib olub. Eləcə də 17 yaşadək oğlanların yarışında Rüstəm Qasımov (67 kq) və Tarmenxan Babayev (96 kq) təkanla qaldırmada bürünc medallara layiq görülüblər.
Elşən Məmmədov iki hərəkətin cəmində, Nurlan Məmmədzadə isə təkanla qaldırmada yeni Avropa rekordu müəyyən ediblər.
Atletlərin fərdi mübarizəsində də Elşən Məmmədov fərqlənib. O, 15 yaşadək oğlanların mütləq birinciliyində Sinkleyr cədvəli üzrə 341,1 xalla Avropanın ən yaxşı atleti sıralamasında yeddinci yerdə qərarlaşıb. Komanda hesabında isə 17 yaşadək atletlərimiz 558 xalla dördüncü yeri tutublar.