NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Şahmat Mərkəzində tam orta məktəblilərin oğlan şagirdləri arasında şahmat birinciliyinə start verilib.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən yarışda 17 tam orta məktəbin şagirdi iştirak edir. Birincilikdə hər məktəbdən 3 şahmatçı olmaqla, ümumilikdə 51 şagird mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən yarış 5 turdan ibarətdir. Hər bir oyun üçün şahmatçılara 30 dəqiqə vaxt verilir. İki və daha çox iştirakçının xalları bərabər olduqda öz aralarındakı oyun nəzərə alınacaq.
Qeyd edək ki, birincilik 2 gün davam edəcək. Sonda yer tutan şahmatçılara Naxçıvan şəhər Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi, o cümlədən Uşaq-Gənclər Şahmat Məktəbinin diplomları təqdim olunacaq.
Azər Zeynalov