2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının Təşkilat Komitəsi və Yaponiya paytaxtının hökuməti bu yarışların keçirilməsi üçün büdcənin sonuncu, dördüncü versiyasını təsdiq ediblər.
NUHÇIXAN Təşkilat Komitəsinin saytına istinadla xəbər verir ki, məcmu xərclərin məbləği büdcə layihəsinin əvvəlki versiyalarında olduğu kimi 1,35 trilyon iyenaya (12,3 milyard dollara) bərabərdir.
Bu məbləğ əsasən Tokionun hakimiyyət orqanları və Təşkilat Komitəsi (hərəsi təqribən 6 milyard dollar), qalan hissə isə Yaponiya hökuməti tərəfindən ödəniləcək. Büdcənin son variantında sponsorluq və bilet satışı hesabına gəlirlərin məbləği 30 milyard iyen (274 milyard dollar) artıb. Bundan əlavə, fövqəladə vəziyyətlər və ya təbii fəlakətlər yaranacağı hallar üçün ehtiyat qismində 27 milyard iyena (247 milyon dollar) nəzərdə tutulub.
Tokio olimpiadası üçün xərclər ictimaiyyət arasında geniş diskussiyaya və tənqidə səbəb olub. Nəticədə bu xərcləri bir neçə dəfə azaltmalı olublar. Məsələn, əsas Olimpiya stadionunun tikintisi layihəsinə yenidən baxılaraq daha az məsrəf tələb edən layihə seçilib.
Xatırladaq ki, Tokioda Olimpiada iyulun 24-dən avqustun 9-dək, Paralimpiada isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.