Dekabrın 20-də futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın dörddəbir final mərhələsinin son iki cavab oyunu keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən birinci oyunda “Sumqayıt” klubu “Neftçi” komandasını qəbul edəcək. Saat 17:00-da start götürəcək qarşılaşmanın baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.
Komandalar arasında birinci oyunda sumqayıtlılar minimal hesabla qalib gəliblər – 1:0.
Günün sonuncu qarşılaşmasında isə “Keşlə” komandası “ASCO Arena”da “Qarabağ” ilə görüşəcək. Rauf Cabbarovun idarə edəcəyi oyun saat 20:00-da başlayacaq.
Bu komandaların birinci görüşündə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, Azərbaycan kuboku uğrunda yarışın digər yarımfinalçıları “Qəbələ” və “Zirə” komandalarıdır. “Qəbələ” dörddəbir finalda “Sabah”ı (3:0, 3:2), “Zirə” isə “Səbail”i (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.
Yarışın birinci yarımfinal qarşılaşmasında “Qəbələ” və “Zirə” komandaları üz-üzə gələcəklər. Digər yarımfinal matçında isə bugünkü oyunların qalibləri qarşılaşacaqlar. Yarımfinal mərhələsinin oyunları aprelin 22-də, cavab görüşləri isə bir həftə sonra təşkil ediləcək.
Xatırladaq ki, Azərbaycan kuboku uğrunda turnirin sonuncu qalibi finalda “Sumqayıt” klubuna 1:0 hesabı ilə məğlub edən “Qəbələ” komandası olub.