Futzal üzrə Yüksək Liqanın XIV turuna Qubada start verilib

A- A A+

Dekabrın 25-də futzal üzrə Yüksək Liqada XIV tura start verilib. Turun ilk oyunu Qubada keçirilib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin İdman Kompleksində “Premier” lider “Araz”ı qəbul edib. İlk dəfə bölgədə keçirilən oyuna azarkeş marağı böyük olub. Kompleksin tribunaları tamailə dolub.

Heyətlərə gəldikdə, “Araz” cəzalı Rövşən Hüseynlinin və icazəli Hadi Rezvanla Amir Shocajenin xidmətindən istifadə edə bilməyib. “Premier” isə bir müddət idi komandadan ayrı düşən Tural Cəlilovu heyətə qaytarmışdı.

“CBC Sport” kanalı ilə canlı yayımlanan oyundan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Görüşdə hesabı qonaqlar açıblar. İsa Atayev rəqib qapısına yol tapıb. Cəmi bir dəqiqə sonra Alesionun “drujinası” fərqi 2 topa çatdırıb. Bu dəfə də İ.Atayev qolun müəllifi olub. Bir qədər sonra künc nöqtəsindən Murilonun ötürməsini Xətai Bağırov tora qovuşdurub. Bundan sonra meydan sahibləri irəli atılıblar. Azarkeşlərin dəstəyini qarşılıqsız buraxmayan Firudin Ağalarov çempionatda növbəti qolunu vurub. Yeri gəlmişkən, F.Ağalarov cari mövsümün bütün oyunlarında fərqlənmiş yeganə futzalçıdır. Buraxılan qola rəğmən son çempion üstünlüyünü artırmağı bacarıb. Növbəti dəfə X.Bağırov adının arenada səsləndirilməsinə nail olub. “Premier” isə iki real qol şansından istifadə edə bilməyib. Əvəzində “Araz” fərqi artırıb. İkinci hissəyə meydan sahibləri qolla başlayıblar. Vüqar Asalıyev fərqi 3-ə endirib. Ancaq ustalıq səviyyəsi nəticənin böyüməsinə də təsirsiz ötüşmədi. Nəticədə “Araz” fərqi artırıb. Ruhdan düşməyən meydan sahibləri qarşılıq verməyə çalışıblar. Təsadüfi deyil ki, əzmkarlıq hesabına “Premier” ikinci hissədə daha çox qol vurmağı bacarıb. Ancaq bu, məğlubiyyətdən qaçmaq üçün yetərli olmayıb. Görüş “Araz”ın 9:6 hesablı qələbəsi ilə yekunlaşıb.

Tura dekabrın 26-da keçiriləcək “Yasamal”-“Xızı”, “Baku Fire”-“Neftçi”, “Bakı”-“Marafon” və “Record club”-EKOL oyunları ilə yekun vurulacaq.

Hesabında 42 xal olan “Araz” turnir cədvəlinin lideridir. Otuz xala malik “Marafon” və EKOL ilk üçlüyü tamamlayırlar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: