Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirinin qrup mərhələsində sonuncu oyununa çıxacaq.
NUHÇIXAN xəbər verir ki, millimiz Niderlandın Apeldorn şəhərində Polşa yığması ilə qarşılaşacaq. Görüşün baş hakimi Bosniya və Herseqovinadan olan Sinisa Ovuka olacaq. Ona ispaniyalı Davit Fernandez Fuentes kömək edəcək.
Millimiz qrup mərhələsi çərçivəsində Niderlanda 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə məğlub olub.
Səkkiz ölkənin mübarizə apardığı yarış “Tokio 2020” Yay Olimpiya Oyunlarına Avropadan sonuncu iştirakçının adını müəyyənləşdirəcək. Təsnifat turnirinin iştirakçıları axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.
Azərbaycan millisi A qrupunda Niderland, Bolqarıstan və Polşa milliləri ilə birgə mübarizə aparır. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri güclərini sınayırlar. Turnirin qalibi Olimpiadaya bilet əldə edəcək.