İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 135-ci sessiyası keçirilir. Sessiyada Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Canni İnfantino Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçilib.
NUHÇIXAN xəbər verir ki, həmin sessiyada Beynəlxalq Tennis Federasiyasının (İTF) prezidenti Devid Haqqerti və Yaponiya Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamasita da BOK üzvləri seçiliblər. BOK-un İcraiyyə Komitəsi 2019-cu ilin dekabr ayında İnfantino, Haqqerti və Yamasitanı bu təşkilatın üzvləri sıralarına qəbul olunmasını tövsiyə edib.
İnfantino 2016-cı ilin fevralından FIFA-ya rəhbərlik edir. Bu vəzifədə onun sələfi Yozef Blatter FIFA tarixində ən böyük korrupsiya qalmaqalı nəticəsində öz vəzifəsini tərk etməli olub. 2019-cu ilin iyun ayında İnfantino təkrarən dörd il müddətinə bu vəzifəyə seçilib.
İnfantino 1970-ci il martın 23-də İsveçrənin Briq şəhərində anadan olub. İsveçrənin və İtaliyanın vətəndaşıdır. Universiteti bitirəndən sonra müxtəlif futbol təşkilatlarında, o cümlədən İtaliya, İspaniya və İsveçrə liqalarında çalışıb. 2000-ci ildə Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) işləməyə başlayıb, orada UEFA ilə Avropa İttifaqı, Avropa Şurası, Avropa dövlətlərinin hökumətləri ilə əlaqə məsələlərinə kuratorluq edib. 2009-2016-cı illərdə UEFA-nın baş katibi vəzifəsində çalışıb.
Yamasitanın 62 yaşı var. O həm də Yaponiya Cüdo Federasiyasının prezidenti, beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvüdür.
Haqqerti 2015-ci ilin sentyabrından İTF-ə başçılıq edir. 2019-cu ildə ikinci müddətə bu vəzifəyə seçilib.