Yeni mövsümdə “Neftçi” futbol klubunun əsas komandasına rəhbərlik edəcək Roberto Bordinin daha bir köməkçisinin adına aydınlıq gəlib. Ötən mövsüm də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilə 1 il müddətinə artırılıb.
NUHÇIXAN xəbər verir ki, İqor Getman 1991-1992-ci, 1998-2007-ci illərdə “Neftçi”də çıxış edib, 236 oyun keçirib və 7 qol vurub. “Neftçi”nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olan Getman müstəqillik dönəmində komandada ən çox oyun keçirən futbolçudur. O, 1995-2001-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda meydana çıxıb.
Bunadək əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçisidir.
Qeyd edək ki, İqor Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da baş məşqçi Roberto Bordinə kömək edəcəklər.