Hakimlər üçün təlim-məşq toplanışı yekunlaşıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AFFA-nın dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Şərur rayonunda hakimlər üçün 5 günlük təlim-məşq toplanışı başa çatıb. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Naxçıvan Futbol Federasiyasının sədri Azad Cabbarov bu münasibətlə hakimlərlə görüş zamanı regionun və ümumilikdə ölkənin futbol mühiti, nailiyyətlər inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Qazanılan uğurlarla yanaşı, daha yüksək hədəflərin reallaşması üçün regional idman federasiyalarının da böyük məsuliyyət daşıdığını diqqətə çatdıran federasiya sədri bu istiqamətdə birgə və səmərəli fəaliyyətin önəmli olduğunu deyib.
NFF olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və digər idman qurumları ilə sıx əməkdaşlıq etməklə ötən dövr ərzində futbolun müəyyən istiqamətlərində çoxsaylı layihələr, yarışlar, kurs və seminarlar təşkil olunub. Ölkə futboluna inteqrasiya prosesləri regionda bu sahənin inkişafına mühüm töhfədir. Hakimlik sahəsinə də xüsusi önəmlə yanaşıldığını vurğulayan Azad Cabbarov qeyd edib ki, 6 aya yaxın bir zamanda müntəzəm şəkildə keçirilən seminar, kurs və taktiki-texniki məşğələlər nəticəsində Naxçıvan futbolundakı hakimlərin say məhdudiyyəti və təhsilsizlik amili həllini tapıb. Təlim-məşq toplanışı məqsədi ilə Bakıdan dəvət olunan qonaqlara təşəkkürünü bildirən federasiya sədri hakimlərimizin mütəxəssislərin bilik və bacarıqlarından maksimum yararlanmalı olduqlarını və gələcək perspektivləri nəzərə alaraq xarici dillərə də yiyələnmələrinin vacib olduğunu deyib. Uğurlu karyera qura bilmələri üçün onlara hər cür şərait yaradılacağını və dəstək veriləcəyini diqqətə çatdırıb. Görüş zamanı FİFA referiləri Anar Salmanov, Ömər Paşayev və fiziki hazırlıq üzrə məşqçi Rüstəm Rüstəmli Naxçıvan futbolunun inkişafında göstərdikləri xidmətlərə görə təltif olunublar. AFFA Hakimlər Komitəsinin üzvü Anar Salmanov göstərilən diqqətə görə minnətdarlıq edərək, Naxçıvan hakimlərinin peşəkar səviyyəyə çatması üçün bundan sonra da səylə çalışacaqlarını deyib. Mövcud imkanlar, görülən işlər və gələcəklə bağlı inkişaf perspektivləri barədə məlumatlar diqqətə çatdırılıb.