Futbol üzrə dünya çempionatının rekordları

A- A A+

Dörd ildən bir keçirilən futbol üzrə dünya çempionatı Beynəlxalq Futbol Federasiyasının (Federation Internationale de Football Association, FIFA) himayəsi altında təşkil olunur. İndiyədək 20 dünya birinciliyi baş tutub. Bu il isə sayca 21-ci olan turnir iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

NUHÇIXAN milli komandalar arasında keçirilən dünya birinciliyində qeydə alınan bəzi rekordları təqdim edir.

Çempion titullarının sayına görə rekord Braziliya yığmasına məxsusdur. O, beş dəfə (1958, 1962, 1970, 1994, 2002) turnirin qalibi olub. Braziliya millisi, həmçinin istisnasız olaraq dünya çempionatının bütün final mərhələlərində iştirak edən yeganə komandadır.

Tarixdə komandalar cəmi iki dəfə çempion titulunu qorumağa müvəffəq olub: İtaliya (1934, 1938) və Braziliya (1958, 1962) turniri ardıcıl olaraq iki dəfə qələbə ilə başa vura biliblər. İndiyə qədər heç bir komanda ardıcıl olaraq üç dəfə dünya çempionu ola bilməyib. İkinci dünya müharibəsi ilə əlaqədar 1942-ci ildə və 1946-cı ildə turnir keçirilmədiyi üçün İtaliya yığması dünya çempionu adını 16 il özündə saxlayıb.

Dünya kubokunun finallarında ən çox məğlubiyyətə Almaniya millisi uğrayıb – 4 dəfə. Çempion ola bilməyən komandalar arasında isə bu göstəriciyə görə Niderland liderlik edir – 3 final.

Dünya çempionatlarında ən çox oyun keçirən komanda Almaniya (106 oyun), ən az oyun keçirən komanda isə 1938-ci il çempionatında cəmi bir dəfə Niderland Ost-Hindistanı adı ilə çıxış edən İndoneziyadır. Ən çox qələbə Braziliya komandasına (70 qələbə), ən çox məğlubiyyət isə Meksika komandasına məxsusdur (24 məğlubiyyət).

İndiyədək keçirilən 20 finalın yalnız ikisində çempion penalti seriyası ilə müəyyənləşib. Bu aqibəti ən çox - iki dəfə yaşayan komanda İtaliya millisidir. İtalyanlar 1994-cü ildə penalti seriyasında Braziliya millisinə 1:3 hesabı ilə uduzub (əsas və əlavə vaxt – 0:0), 2006-cı ildə isə Fransaya 5:3 hesabı ilə qalib gəliblər (əsas və əlavə vaxt – 1:1).

Bir turnir ərzində ən çox qolu 1954-cü ildə Macarıstan yığması vurub – 27 qol. İsveçrə millisi 2006-cı il dünya çempionatında qol buraxmayaraq rekorda imza atıb və 1/8 finalda penalti seriyasında məğlubiyyətə uğrayıb.

Dünya birinciliyində ən uzun sürən qolsuz seriya İtaliya komandasına və onun qapıçısı Valter Dzenqeyə məxsusdur (1990-cı il turnirində 517 dəqiqə). Bir turnir ərzində ən çox qolu Koreya Respublikası 1954-cü ildə buraxıb – iki oyunda 16 qol.

Dünya çempionatında iştirak edən ən titullu oyunçu Pele 3 dəfə turnirin qalibi olub (1958, 1962, 1970).

Meksikalı Antonio Karbahal və almaniyalı Lotar Matteus 5 dünya çempionatında iştirak edən yeganə futbolçulardır. 2018-ci ildə onlarla indiyə qədər 4 turnirdə və DÇ-2018-in seçmə mərhələsində iştirak edən meksikalı Rafael Markes yarışa bilər. Lotar Matteus dünya birinciliyində ən çox oyun keçirən futbolçu kimi rekorda imza atıb – 25 oyun.

Dünya çempionatının final mərhələsində oynayan ən cavan futbolçu Şimali İrlandiya yığmasının üzvə Norman Uaytsayddır. 1982-ci ildə o, 17 yaş 41 günündə meydançaya çıxmışdı. Turnirin ən yaşlı iştirakçısı - kamerunlu Roje Milla 1994-cü ildə 42 yaş 39 günündə Rusiyaya qarşı oyuna çıxıb və qol vura bilib. Dünya çempionatında ən gənc qol müəllifi braziliyalı Peledir, o, 1958-ci ildə 17 yaş 239 günündə Uels yığmasının qapısına yol tapa bilib.

Turnirin final mərhələsinin ən məhsuldar bombardiri Almaniya millisinin hücumçusu Miroslav Kloze 2002-2014-cü illər ərzində rəqib qapılarından 16 qol keçirib. Bir çempionatda vurulan qolların sayına görə isə fransalı Jüst Fonten liderlik edir: 1958-ci il, 13 qol. Rusiya yığmasının hücumçusu Oleq Salenko isə bir oyunda vurulan qolların sayına görə rekordu özündə saxlayır. 1994-cü ildə o, Kamerun komandasının qapısına 5 top vurub. İngitərəli Ceffri Herst isə dünya birinciliyinin final mərhələsində het-trik edən yeganə futbolçudur (1966).

Mundialın tarixində ən erkən qol Türkiyə millisinin hücumçusu Hakan Şükür tərəfindən vurulub. O, 2002-ci ildə Koreya Respublikası ilə oyunun 11-ci saniyəsində rəqib qapısından qol keçirib.

Bir oyunda komandaların biri tərəfindən vurulan ən çox qol rekordu Macarıstana aiddir. Macarlar 1982-ci ildə Salvador millisini 10:1 hesabı ilə məğlub ediblər. Ən məhsuldar oyun isə 1954-cü ildə Avstriya ilə İsveçrə arasında qeydə alınıb. Həmin oyun avstriyalıların 7:5 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərəli Piter Şilton və fransalı Fabyen Bartez çempionatların 10 oyununda qapılarını toxunulmaz saxlayıblar. Meksika və Səudiyyə Ərəbistanı komandalarının qapıçıları Antonio Karbahal və Məhəmməd əd-Deayya dünya birinciliyində ən çox qol buraxan futbolçulardır – hərəyə 25 qol.

Komandasına iki dəfə çempionluq qazandıran yeganə məşqçi italiyalı Vittorio Pottsodur (1934, 1938). Dünya çempionatlarına baş məşqçi kimi ən çox qatılan almaniyalı Helmut Şön 25 oyunda komandasına rəhbərlik edib.

Braziliyalı Mario Zaqallo müxtəlif statuslarda dünya çempionatını 4 dəfə qazanıb: iki dəfə oyunçu, bir dəfə baş məşqçi və bir dəfə məşqçi köməkçisi kimi. Turnirdə həm oyunçu, həm də məşqçi kimi qələbə qazanan digər futbolçu isə almaniyalı Frans Bekkenbauerdir.

1954-cü ildə İsveçrədə keçirilən dünya çempionatı ən məhsuldar turnir kimi tarixə düşüb. O zaman hər oyunda orta hesabla 5,38 qol vurulub. 1990-cı ildə İtaliyada baş tutan turnir isə əksinə, qolların azlığına görə rekorda imza atıb – hər oyunda 2,21 qol.

Meydançada oyunların ən çox orta izlənmə rekordu 1994-cü ildə ABŞ-da keçirilən çempionata aiddir: hər oyuna 68 min 991 tamaşaçı. Bir oyunda ən çox tamaşaçı sayı isə 1950-ci ildə Braziliya və Uruqvay arasındakı oyunda qeydə alınıb. O zaman turnirin finalına tamaşa etmək üçün Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionuna 200 min azarkeş toplaşmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: