Yeniyetmə və gənclərdən ibarət milli komandamız 29-cu beynəlxalq Qran-Pri turnirində iştirak etmək üçün Xorvatiyanın Samobor şəhərinə yollanıb.
Azərbaycan Milli Karate Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, yanvarın 17-19-da keçiriləcək yarışda baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə 32 idmançı yer alıb. Belə ki, 14-15 yaşlı yeniyetmələrdə 10 idmançımız, 16-17 yaşlı gənclərdə 14 karateçimiz, 18-21 yaşadək gənclər arasında isə 7 təmsilçimiz mübarizə aparacaq. Daha bir idmançımız böyüklərin turnirinə qatılacaq. Karateçilərimizdən 4 nəfəri kata yarışlarında, qalan 28 idmançımız kumite yarışında çıxış edəcəklər.
Qadınların baş məşqçisi Denis Morozovdan əlavə, kata üzrə böyük məşqçi Anar Əhmədov da komanda ilə bir yerdədir. Xorvatiyada nüfuzlu ənənəvi turnirdə böyük heyətlə mübarizə aparmaqda məqsəd fevralın 7-9-da Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatında çıxış edəcək əsas heyəti təyin etməkdir.
Yarışda 24 ölkədən 2047 karateçi iştirak edəcək.