Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən idman kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin komanda yarışı keçirilib.
NUHÇIXAN xəbər verir ki, yarışda “Neftçi” idman klubu və “Kanokan” komandaları bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə 4:3 hesabı ilə qalib gələn “Neftçi” idman klubunun cüdoçuları Azərbaycan çempionu adına layiq görülüblər. “Kanokan” gümüş, “Aura” idman klubu və “UGİM-13” komandaları bürünc medala sahib olublar. Qalib və mükafatçılara diplom, medal və kuboklar təqdim olunub.
Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin komanda yarışlarında 9 klub, fərdi yarışlarda isə 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) iştirak edib.