Rusiya millisi futbol üzrə dünya çempionatına böyük hesablı qələbə ilə başlayıb - FOTOLAR
İyunun 14-də Bakı vaxtı ilə saat 19:00-da Moskvadakı “Lujniki” stadionunda futbol üzrə XXI dünya çempionatına start verilib.
NUHÇIXAN xəbər verir ki, 81 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb.
Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edib.
Rusiya millisinin start heyətində İqor Akinfeyev, Mario Fernandes, Sergey İqnaşeviç, İlya Kutepov, Yuriy Jirkov, Roman Zobnin, Yuriy Qazinskiy, Aleksander Samedov, Alan Jaqoev, Aleksandr Qolovin və Fedor Smolov yer alıblar.
Səudiyyə Ərəbistanı yığmasının ilk on birliyində meydana Abdullah Almuaif, Osama Havsavi, Omar Havsavi, Məhəmməd Alburaik, Salman Alfarac, Yahya Alşahri, Məhəmməd Alsahlavi, Yasser Alşahrani, Abdullah Otaif, Taisir Alcassam və Salem Aldavsari çıxıblar.
Matçın əvvəlindən təşəbbüsə yiyələnən Rusiya yığma komandası 12-ci dəqiqədə hesabı açıb. Aleksandr Qolovinin hava ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayan Yuri Qazinski XXI dünya çempionatının ilk qolunun müəllifi olub – 1:0. Oyunda üstünlüyü davam etdirən ev sahibləri görüşün 43-cü dəqiqəsində hesab arasındakı fərqi artırıblar. Roman Zobninin ötürməsindən sonra cərimə meydançasında rəqib müdafiəçilərini çaş-baş salan Denis Çerişev dəqiq zərbə ilə adını tabloya yazdırıb.
İlk hissə Rusiya yığmasının 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində də üstün oyun nümayiş etdirən Rusiya yığması rəqibi oyuna yenidən mərkəzdən başlamağa məcbur edib. Aleksandr Qolovinin ikinci məhsuldar hava ötürməsini Artyom Dzyuba başla tamamlayıb – 3:0.
Matçın əsas vaxtına əlavə olunan 4 dəqiqəlik hissənin 1-ci dəqiqəsində rəqibin cərimə meydançasına daxil olan Denis Çerişev baxımlı zərbə ilə özünün ikinci, komandasının dördüncü qolunu qapıdan keçirib.
Lakin bu da oyunda sonuncu qol olmayıb. Matçda iki məhsuldar ötürmə ilə yadda qalan Aleksandr Qolovin dördüncü qoldan üç dəqiqə sonra cərimə zərbəsindən birbaşa qapıya endirdiyi dəqiq zərbə ilə Rusiya millisinin böyük hesablı qələbəsini rəsmiləşdirib – 5:0.
Beləliklə, Rusiya yığması mundialın açılış oyununda Səudiyyə Ərəbistanı millisini 5:0 hesabı ilə məğlubiyyətə uğradıb.
“A” qrupunun iyunun 15-də keçiriləcək digər oyununda Misir və Uruqvay yığmaları qarşılaşacaqlar.
Qeyd edək ki, Rusiya millisi dünya çempionatlarının final mərhələsində 1994-cü, 2002-ci və 2014-cü illərdə çıxış edib. Rusiyalılar dünya çempionatlarında sonuncu qələbəsini 2002-ci ildə Tunis üzərində qazanıblar - 2:0.
Səudiyyə Ərəbistanı yığması isə 1994-cü, 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda mübarizə aparıblar. Qatıldığı ilk çempionatda qrup ikincisi kimi səkkizdəbir finala yüksələn Səudiyyə Ərəbistanı millisi bu mərhələdə İsveçə 1:3 hesabı ilə məğlub olub. Səudiyyə Ərəbistanı mundiallarda sonuncu qələbəsini 1994-cü ildə Belçika üzərində əldə edib - 1:0.