“Arpaçay Karate Klubu” və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılğı ilə uşaq, yeniyetmə və gənclər arasında “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq karate turniri keçirilib.
NUHÇIXAN xəbər verir ki, Bakı İdman Sarayında baş tutan beşinci açıq beynəlxalq turnirdə 12 ölkədən 900-dən artıq idmançı iştirak edib.
Azərbaycan, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Omanı təmsil edən karateçilər yarışın ilk günü bütün yaş qruplarında kata üzrə çıxışlara qatılıblar. Ertəsi gün 6-11 yaşlı uşaqların kumite çıxışları, 12-17 yaşlı yeniyetmə və gənclərin döyüşləri keçirilib. Yarışı milli hakimlərlə birgə, 5 ölkədən 22 beynəlxalq hakim idarə edib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası idmançıları da mübarizə aparıb. 15 idmançı və 1 məşqçinin təmsil olunduğu turnirdə karateçilərimiz 12 müxtəlif əyarlı medal qazanıblar.
Belə ki, Aminə Novruzova 10-11 yaş qrupunda 1-ci, Nərgiz Həsənli 10-11 yaş qrupunda 2-ci, Rəşad Qasımov 16-17 yaş qrupunda 3-cü, Canər Abbaszadə 3-cü, Çinarə Cəlalova 16-17 yaş qrupunda 59 kiloqram çəkidə 3-cü yerin qalibi olublar. Yaqub Qəmbərov, Qafar Hüseynov, Məhəmməd Bağırov, Abbas Əliyev, Vüsal Seyidov, Rəşad Qasımov isə komanda yarışında 3-cü yerlərə layiq görülüblər.
Qalib idmançılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif olunub.
Ulduz Əliyeva