NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federesiyasının 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə dair iclası keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Futbol Federesiyasının sədr müavini Sakit Rzayev bildirib ki, iyul ayındakı struktur dəyişikliyindən sonra muxtar respublikada futbolun yüksəlişinə xidmət edəcək 5 illik plan və strategiya təsdiq edilib və yeni bir mərhələnin əsası qoyulub. Azyaşlılar arasında liqaların təşkil olunması, həvəsləndirici və maarifləndirici layihələrin hazırlanması, məşqçilərin təkmilləşmə kurslarına cəlb olunması və digər zəruri addımların atılması uşaq futbolunun yaxın 5 ildəki inkişaf perspektivini müəyyən edib.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının böyük məşqçisi Əsgər Abdullayev bildirib ki, komandanı formalaşdırmaq, yeni mövsümə hazırlamaq və Naxçıvan Muxtar Respublikasında istedadlı futbolçuları üzə çıxarmaq məqsədilə “Araz-Naxçıvan”ın heyətində bir sıra dəyişikliklər edilib. 6 ay ərzində komandanın heyətinin 70 faizi dəyişib, yeni futbolçular cəlb edilib. Hazırlanan proqrama əsasən, komandaya daha çox gənc futbolçular gətirilib, onlarla məşqlər aparılır.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Emil Səmədov bildirib ki, futbolun inkişafı və tanıdılması istiqamətində atılan addımlardan biri də federasiyada informasiya və ictimaiyyətlə əlaqələr departamentinin yaradılması olub.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası Hakimlər Komitəsinin sədri Elmar Rzayev isə vurğulayıb ki, Naxçıvan futbolunda uzun illərdir hakimliklə bağlı çatışmazlıqlar var idi. Federasiyadakı struktur dəyişikliklərindən sonra digər istiqamətlərlə yanaşı hakimliyə də xüsusi önəm verilib. Hakimlərimiz oyun formaları və inventarlarla təchiz edilib.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Azad Cabbarov öz çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında muxtar respublikamızda idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası üçün 2019-cu il bir çox əlamətdar hadisələrlə yadda qalıb. Naxçıvan Muxtar Respublikası XVII və XVIII Futbol Çempionatının dövrə oyunları oynanılıb, “9 noyabr-Dövlət Bayrağı Günü” münasibətilə “Araz-Naxçıvan” Futbol Klubunun veteran futbolçuları ilə Azərbaycan Futbol Veteranları İttifaqının üzvləri arasında yoldaşlıq görüşü keçirilib, muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında ilk dəfə futzal liqası və 2019-2020-ci il futzal mövsümündə “Badamlı Naxçıvan Kuboku” uğrunda yarışa start verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə iş planı, keçiriləcək idman tədbirlərinin qrafiki təsdiq olunub. Tədbir iştirakçılarının fikirləri dinlənilib.
Sonda gənc hakimlərə hakim nişanları təqdim edilib.
Əli İbrahimbəyli