Paralimpiya Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya  Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev bildirib ki, Federasiya Gənclər və İdman Nazirliyi ilə birgə bütün kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirir. Onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir. Hazırda federasiyanın Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında Boccia bölmələri, Naxçıvan şəhəri, Şərur və Sədərək rayonlarında Stolüstü tennis bölmələri, Naxçıvan şəhərində Qolbol, Üzgüçülük və Ağırlıqqaldırma bölmələri fəaliyyət göstərir.

Federasiya sədri vurğulayıb ki, məhdud fiziki imkanlı şəxslərin muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaq məqsədilə, ötən il ərzində paralimpiyaçılar arasında idmanın müxtəlif növləri üzrə 8 muxtar respublika birinciliyi, 18 rayon birinciliyi, 2 yoldaşlıq görüşü keçirilib. Həmçinin, paralimpiyaçılarımız respublika və beynəlxalq yarışlarda da muxtar respublikamızı layiqincə təmsil ediblər. Belə ki, noyabr ayında Bakı şəhərində Abşeron Olimpiya İdman Kompleksində keçirilən V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən Paralimpiya Federasiyasının 3 təmsilçisinin 4 medal qazanması, Bakı şəhəri “Zirvə” İdman Klubunda parapauerliftinq üzrə açıq respublika birinciliyində iştirak edən Paralimpiya Federasiyasının  idmançısının öz çəki dərəcəsində uğurla çıxış edərək yarışda III yerin sahibi olması mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov qeyd edib ki, muxtar respublikada  207 sağlamlıq imkanı məhdud şəxs Paralimpiya Federasiyasının bölmə və qruplarında idmanla məşğul olur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi  Paralimpiya Federasiyası ilə  birgə idmanın bu  növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirilib. Belə ki, “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunan qol güləşi,  18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat, yüngül atletikanın 100 metr məsafəyə qaçış növü, dama, “Heydər Əliyev Kuboku” uğrunda sağlamlıq imkanları məhdud şəxslər arasında futzal, “26 iyun Silahlı Qüvvələr Günü”nə həsr olunmuş pouerliftinq, üzgüçülük, boccia, fiziki imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçıları arasında peyntbol, “3 dekabr-Beynəlxalq Əlillər Günü” münasibətilə şahmat üzrə muxtar respublika birincilikləri keçirilib.

Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov və məşqçi Zaur Hüseynov  federasiya idmançılarının qazandıqları uğurlar barədə məlumat veriblər.

Sonda il ərzində uğur qazanan idmançılara federasiya tərəfindən hədiyyələr təqdim olunub.

İclas 2020-ci ildə görüləcək işlərin müzakirəsi ilə sona çatıb.

                                                                                              

           Əli Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: