Atıcılıq idman növü ilə məşğul olanların sayı artıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federesiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair iclas keçirilib.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Səhhət Həbibəyli bildirib ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə çoxnövçülük, stend, tir atıcılığı və peyntbol üzrə 13 idman yarışı keçirilib. Ümumilikdə 492 idmançı yarışlarda mübarizə aparıb. Qızların atıcılıq idmanına cəlb olunması istiqamətində işlər görülüb, təşkil olunan idman tədbirlərində 25 qız idmançının iştirakı təmin olunub. 2019-cu ilin iyun ayında Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil olunan “Yeniyetmələrin 12-ci respublika oyunlarında” atıcılıq növündə muxtar respublikanın “Naxçıvan” komandası komanda hesabında, komanda üzvü Əsgər Cavadov isə şəxsi hesabda 1-ci yerə çıxıb. 2019-cu il ərzində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının üzvlərinin sayı artıb.
Federasiya sədri vurğulayıb ki, Naxçıvan şəhərindəki Atıcılıq və əyləncə mərkəzi yenidən təmir olunub. Şərur şəhərindəki Atıcılıq Mərkəzinin fəaliyyəti yenidən təşkil edilib. Naxçıvan şəhərində fəaliyyət göstərən “Hədəf” və “Qələbə” Atıcılıq İdman Klubları ilə yanaşı, Şərur şəhərində “Ümid”, Culfa şəhərində “Uğur” və Kəngərli rayonu Qıvraq qəsəbəsində “Zəfər” Atıcılıq İdman Klubları təsis olunub və onların idmançıları muxtar respublika səviyyəli yarışlarda iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, muxtar respublikamızda Atıcılıq Federasiyasında 13 qrupda 195 nəfər bu növ ilə məşğul olur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə iş planı, keçiriləcək idman tədbirlərinin qrafiki təsdiq olunub.
Sonda güllə atıcılığı üzrə uğur qazanan idmançı Əsgər Cavadov federasiyanın sədri tərəfindən mükafatlandırılıb.
Əli İbrahimbəyli