NUHÇIXAN xəbər verir ki, “Möminə xatın” kitab-kafedə gənclərin iştirakı ilə Teodor Drayzerin “Dahi” romanı müzakirə edilib.
Çıxış edənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan bu kitabın əhəmiyyətindən danışıblar.
Bildirilib ki, realist yazarın “Dahi” romanında Yucin Vitla adlı amerikalı rəssamın taleyindən bəhs edir. Romanın məziyyətlərindən danışan AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, Filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova deyib ki, Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən olan Teodor Drayzer bu əsəri yazmaqla insan həyatının mənasını təhlil edib, yaşam uğrunda mübarizəsini göstərib. Müxtəlif təbiətli, fərqli dünyagörüşlü, çoxsaylı obrazlar yaradan yazıçı əsərini sadə bir rəssamın həyat tərzi, yaradıcılığı, uğuru, mənəvi faciəsi üzərində qurub.
Sonda gənclərin kitab haqqında fikirləri dinlənilib.
Mahmud Hüseynov