İyunun 15-də Rusiyada keçirilən futbol üzrə dünya çempionatının ikinci günündə Misir və Uruqvay milliləri qarşılaşıblar.
NUHÇIXAN xəbər verir ki, “A” qrupunda yer alan Misir və Uruqvay millilərinin oyunu 0:1 hesabı ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Xose Ximenes vurub.
İki dəfə dünya çempionu olan (1930 və 1950) Uruqvay yığması indiyədək 12 mundialda çıxış edib.
Misir yığması isə 1934-cü və 1990-cı illərdəki mundiallardan sonra üçüncü dəfədir dünya çempionatlarında iştirak hüququ qazanıb.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq ikinci qarşılaşma “B” qrupunda yer alan Mərakeş və İran milliləri arasında oynanılacaq. "Rusiya 2018" sonuncu dəfə mundialda 20 il əvvəl təmsil olunan Mərakeşin qatıldığı beşinci dünya çempionatıdır. Mərakeşlilər 1986-cı ildə səkkizdəbir finala yüksəlməyi bacarıblar.
Günün sonuncu görüşündə çempionatın favoritlərindən sayılan İspaniya və Portuqaliya milliləri qarşılaşacaqlar. 2010-cu ildə dünya çempionatının qalibi olan İspaniya yığması 15-ci dəfədir mundialda çıxış edir. İndiyədək altı dəfə dünya çempionatına qatılan Portuqaliya yığması 1966-cı ildə üçüncü, 2006-cı ildə isə dördüncü yeri tutub.