Azərbaycan komandası Bakıda keçirilən arena polo üzrə VI Dünya Kuboku yarışına qələbə ilə başlayıb - FOTOLAR
İyunun 15-də Bakıda arena polo üzrə VI Dünya Kuboku yarışına start verilib.
NUHÇIXAN xəbər verir ki, yarış Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində təşkil olunub.
Turnirdə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klublar iştirak edirlər. Üç gün davam edəcək turnirdə, ümumilikdə, altı oyun olacaq. Azərbaycanı bu mötəbər yarışda milli poloçulardan ibarət "Elite Horse & Polo Club" komandası təmsil edir.
Günün ilk oyununda əvvəlcə "Elite Horse & Polo Club" (Azərbaycan) və "Indian Polo & Riding Club New Delhi" (Hindistan) komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan təmsilçisinin 7:6,5 hesablı çətin qələbəsi ilə başa çatıb.
Bu gün keçiriləcək ikinci oyunda "Polo Club Wicklow" (İrlandiya) və "Rhein Polo Club Düsseldorf" (Almaniya) klubları üz-üzə gələcəklər.
Turnirə iyunun 17-də yekun vurulacaq.