Naxçıvan karateçiləri ölkə və beynəlxalq yarışlarda 172 medal qazanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair iclas keçirilib.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev 2019-cu ildə Federasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il Federasiya idmançıları ölkə və beynəlxalq yarışlardan müxtəlif  əyarlı 172 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov isə qeyd edib ki, muxtar respublikamızda idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Muxtar respublikamızın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda, gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi  Karate-do Federasiyası ilə  birgə idmanın bu  növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov iclasda çıxış edərək bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən Karate-do federasiyası muxtar respublika rəhbərliyi tərəfindən idman federasiyalarına göstərilən hərtərəfli dövlət qayğısından bəhrələnərək son illər böyük təşkilatlanma yolu keçib və işlərini günün tələbləri səviyyəsində qurmaqla hər ötən il əvvəlki illərdən daha yüksək nailiyyətlər əldə edib.

Hazırda 14 məşqçinin rəhbərliyi altında, 3 klub və 20 karate bölməsi fəaliyyət göstərir. 2016-cı ildə yaradılan “Nəqşicahan karate-do qızlar idman klubu”nun da fəaliyyəti genişləndirilərək ötən il Naxçıvan şəhərində daha bir bölmə açılıb. Hazırda 2-si Naxçıvan şəhərində, 1-i Şərur rayonunda, 1-i isə Ordubad rayonunda olmaqla ümumilikdə 4 qız bölməsi fəaliyyət göstərir. 2019-cu ildə keçirilən beynəlxalq turnirlərdə qazanılan 7 qızıl, 12 gümüş və 12 bürünc medal qız idmançıların payına düşür.

Federasiya ötən il ərzində Karate-do idman növünün inkişaf etdirilməsi və kütləviliyə nail olunması istiqamətində fəaliyyətini daha effektiv təşkil edərək, muxtar respublikanın şəhər və rayonlarında 12 yarış, o cümlədən 1 beynəlxalq turnir keçirib. Bu yarışlarda yaxşı nəticə göstərən 4 nəfər istedadlı idmançı seçilərək yığma komandanın tərkibinə daxil edilib. Hazırda yığma komandanın tərkibində 20 idmançı davamlı olaraq məşq keçir.

Ümumilikdə 2019-cu ildə Karate-do idman növü üzrə idmançılar 1 dünya, 1 Avropa və 14 beynəlxalq çempionatlarda, 5 ölkədaxili yarışda və 12 muxtar respublika birinciliklərində qüvvələrini sınayıblar.

İdmançılarımızın  2019-cu il ərzində qazandığı 172 medaldan   2-si Dünya, 18-i Avropa  çempionatlarında, 122-si beynəlxalq turnirlərdə, 30-u isə ölkədaxili yarışlarda əldə olunub. Təkcə Dünya və Avropa  çempionatlarında, o cümlədən beynəlxalq turnirlərdə 31 qızıl, 44 gümüş, 67 bürünc medal qazanılıb.

İdmançılara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi, federasiyanın idmançısı Rafiq Hüseynlinin dünya çempionu adını qazandığına görə Ali Məclisin Sədri tərəfindən qiymətləndirilərək adının gənc istedadların “Qızıl kitabı”na salınması və xüsusi aylıq təqaüdə layiq görülməsi ayrıca qeyd edilməlidir.

Fazil Ələkbərov 2019-cu ildə əldə olunan uğurların təməlində Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin idmanın inkişafına, idmançılara göstərdiyi diqqət və qayğısının dayandığını bildirib, Federasiya üzvləri və idmançıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.

Federasiya sədri 2020-ci ildə görüləcək işlərdən də danışıb. Həmçinin muxtar respublikada keçirilməsi planlaşdırılan “Dünya kuboku”na hazırlıq işlərinə də toxunaraq bildirib ki, həmin yarışda iştirak edəcək idmançılar əvvəlcədən müəyyənləşdirilərək ayrıca təlimlərə cəlb olunmalıdırlar.

Qərar layihəsi oxunduqdan sonra 2020-ci ilin Təqvim və Tədbirlər Planı təsdiq edilib.

Sonda il ərzində uğur qazanan idmançılara Federasiya tərəfindən hədiyyələr təqdim olunub.

                                                                    Rəmzi Tahirli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: