Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsində Xorvatiya yığması ilə qarşılaşacaq
Yanvarın 29-da futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.
NUHÇIXAN AFFA-nın saytına istinadla xəbər verir ki, komandamız Osiek şəhərindəki “Qradski vrt Arena”da Xorvatiya yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Görüşü italiyalı hakimlər Ancelo Qalante, Nikola Manzione və Alessandro Malfer idarə edəcəklər.
Xatırladaq ki, yanvarın 25-dən Osiek şəhərində təlim-məşq toplanışında olan komandamızın heyətində Rövşən Hüseynli, Rizvan Fərzəliyev, İsa Atayev, Amir Şocaei, Ramiz Çovdarov, Xətai Bağırov (“Araz”), Emin Kürdov (“EKOL”), Oliveira Da Nasimento, Conathan Luiz De Angelis (“Alarabi Sportinq Club”, Küveyt), Rafael Vilela (“Palma”, İspaniya), Eduardo Borges (“ACCS Futsal Club Paris”, Fransa), Tiaqo Telles Martins (“Norilsk Nikel”, Rusiya), Eşaq Soorqali (“Azaraxş”, İran), Everton Kardoso (“Levante”, İspaniya) yer alıblar.
Millimiz elit-raund mərhələsində növbəti görüşlərini yanvarın 30-da Rusiya, fevralın 1-də Slovakiya yığmalarına qarşı keçirəcək.