İyunun 16-da “Rusiya 2018”in üçüncü gününə “C” qrupunda yer alan Fransa və Avstraliya milliləri arasındakı qarşılaşma ilə start verilib.
NUHÇIXAN xəbər verir ki, “Kazan Arena”da oynanılan görüşü uruqvaylı referi Andres Kunha idarə edir.
Fransızların start heyətində meydana Uqo Lloris (qapıçı, kapitan), Benjamin Pavard, Rafael Varan, Samuel Umtiti, Pol Poqba, Antuan Qrizman, Kaylian Mbappe, Usman Dembele, Nqolo Tolisso, Korentin Kante və Lukas Hernandez çıxıblar.
Avstraliya yığmasının ilk “11-liyində isə Metyu Rayan, Mark Milliqan, Metyu Leki, Robbi Kruz, Andryu Nabbout, Aaron Mooy, Mayl Cedinak (k), Aziz Behiç, Coşua Risdon, Trent Sainsböri və Rom Rogik yer alıblar.
Qeyd edək 1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb. Dünya çempionu adını qazanan (1998) səkkiz komandadan biri olan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə çempionatların bürünc medallarına layiq görülüb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.
Avstraliya yığması bundan əvvəl dörd dəfə - 1974-cü, 2006-cı, 2010-cu və 2014-cü illərdə mundialda çıxış etmək hüququ qazanıb. Altıncı qitə təmsilçisinin ən yaxşı göstəricisi 2006-cı ildə Almaniyadakı dünya çempionatına təsadüf edib. Avstraliyalılar həmin vaxt qrup ikincisi kimi səkkizdəbir finala yüksəlsələr də, İtaliya millisi onların yolunu kəsib (0:1).
***
Gün ərzində bu oyundan sonra daha üç qarşılaşma keçiriləcək. Saat 17:00-da Moskvadakı “Spartak” stadionunda başlayacaq ikinci oyunda “D” qrupunda yer alan ikiqat dünya çempionu Argentina yığması mundialda ilk dəfə iştirak edən İslandiya yığması ilə qarşılaşacaq. Bu qarşılaşma İdman Azərbaycan ilə yanaşı, İctimai Televiziya da tamaşaçılara təqdim ediləcək.
Bakı vaxtı ilə saat 19:00-da başlayacaq üçüncü qarşılaşmada “C” qrupunda yer alan digər komandalar - Peru və Danimarka yığmaları üz-üzə gələcəklər. Bu görüş İdman Azərbaycan kanalında canlı yayımlanacaq.
Günün saat 23:00-da başlayacaq sonuncu qarşılaşması “D” qrupunun iştirakçıları Xorvatiya və Nigeriya milliləri arasında keçiriləcək. Azərbaycanlı futbolsevərlər bu oyunu İctimai Televiziyadan izləyə biləcəklər.