Portuqaliyanın paytaxtı Lissabonda keçirilən açıq şahmat turnirinin səkkizinci turunda Azərbaycan şahmatçılarından ikisi qələbə qazanıb, biri isə uduzub.
NUHÇIXAN xəbər verir ki, turnirin klassik yarışlarında mübarizə aparan Vüqar Əsədli polşalı Pyotr Sabuka qalib gələrək xalların sayını 6,5-ə çatdırıb. O, bu nəticə ilə turnir cədvəlinin üçüncüsüdür. Komandamızın digər üzvlərindən Nail Bəşirli Belarus təmsilçisi Yahor Siliç ilə qarşılaşmada qələbə sayəsində mövqeyini xeyli yaxşılaşdırıb (5,5 xal, 19-cu yer). Polşa şahmatçısı Kamil Pliçta ilə mübarizə aparan Zaur Bayramov isə məğlub olub. O, hazırda 5 xalla turnir cədvəlinin 38-ci pilləsindədir.
Bu gün sonuncu turun oyunları keçiriləcək. Doqquzuncu turda V.Əsədli rusiyalı Aleksander Motılev, N.Bəşirli kanadalı Kevin Spraqet, Z.Bayramov isə yerli idmançı Miqel Sismeiro ilə qarşılaşacaqlar.