Futbol üzrə dünya çempionatı: Fransa yığması Avstraliya millisinə çətinliklə qalib gəlib - FOTOLAR
İyunun 16-da “Rusiya 2018”in üçüncü gününə “C” qrupunda yer alan Fransa və Avstraliya milliləri arasındakı qarşılaşma ilə start verilib.
NUHÇIXAN xəbər verir ki, “Kazan Arena”da oynanılan görüşdə Fransa yığması 2:1 hesabı ilə çətin qələbə qazanıb.
Uruqvaylı referi Andres Kunha idarə etdiyi oyunda fransızların start heyətində meydana Uqo Lloris (qapıçı, kapitan), Benjamin Pavard, Rafael Varan, Samuel Umtiti, Pol Poqba, Antuan Qrizman, Kaylian Mbappe, Usman Dembele, Nqolo Tolisso, Korentin Kante və Lukas Hernandez çıxıblar.
Avstraliya yığmasının ilk “11-liyi”ndə isə Metyu Rayan, Mark Milliqan, Metyu Leki, Robbi Kruz, Andryu Nabbout, Aaron Mooy, Mayl Cedinak (k), Aziz Behiç, Coşua Risdon, Trent Sainsböri və Rom Rogik yer alıblar.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində Fransa yığması hesabı açmaq üçün bir neçə təhlükəli vəziyyət yaratsa da, istəyinə nail ola bilməyib. Matçın ilk hissəsi qolsuz heç-heçə başa çatıb.
Görüşün ikinci hissəsində qapılara üç qol vurulub. Oyunun 58-ci dəqiqəsində çempionatda ilk dəfə olaraq videonəzarət sistemindən (VAR) istifadə edilib. Avstraliyalı müdafiəçilərin cərimə meydançasında fransalı Antuan Qrizmanın qarşısını alması ilə əlaqədar yaranan mübahisəli epizod VAR sistemi sayəsində qaydalardan kənar müdaxilə kimi qiymətləndirilib. Nəticədə referi Avstraliya yığmasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Antuan Qrizman zərbəni dəqiq yerinə yetirərək hesabı açıb – 1:0.
Lakin fransızların sevinci cəmi dörd dəqiqə davam edib. Matçın 62-ci dəqiqəsində uruqvaylı hakim fransalı müdafiəçi Samuel Umtitinin əllə oyununa görə 11 metrlik cərimə zərbəsi təyin edib. Mayl Cedinak zərbəni dəqiq yerinə yetirərək hesabda tarazlığı bərpa edib – 1:1.
Oyundan sonra komandalar bir neçə təhlükəli vəziyyət yaratsa da, sevinən tərəf Fransa yığması olub. Qarşılaşmanın 81-ci dəqiqəsində Pol Poqbanın zərbəsindən sonra müdafiəçiyə toxunan top qapıya daxil olub. Bu qol Fransanı yenidən hesabda irəli çıxarıb – 2:1.
Beləliklə, Fransa yığması Avstraliya millisi üzərində 2:1 hesablı çətin qələbə qazanaraq, vacib 3 xalı aktivinə yaza bilib.
Qeyd edək 1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb. Dünya çempionu adını qazanan (1998) səkkiz komandadan biri olan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə çempionatların bürünc medallarına layiq görülüb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.
Avstraliya yığması bundan əvvəl dörd dəfə - 1974-cü, 2006-cı, 2010-cu və 2014-cü illərdə mundialda çıxış etmək hüququ qazanıb. Altıncı qitə təmsilçisinin ən yaxşı göstəricisi 2006-cı ildə Almaniyadakı dünya çempionatına təsadüf edib. Avstraliyalılar həmin vaxt qrup ikincisi kimi səkkizdəbir finala yüksəlsələr də, İtaliya millisi onların yolunu kəsib (0:1).
x x x
Gün ərzində bu oyundan sonra daha üç qarşılaşma keçiriləcək. Saat 17:00-da Moskvadakı “Spartak” stadionunda başlayacaq ikinci oyunda “D” qrupunda yer alan ikiqat dünya çempionu Argentina yığması mundialda ilk dəfə iştirak edən İslandiya yığması ilə qarşılaşacaq. Bu qarşılaşma İdman Azərbaycan ilə yanaşı, İctimai Televiziya da tamaşaçılara təqdim ediləcək.
Bakı vaxtı ilə saat 19:00-da başlayacaq üçüncü qarşılaşmada “C” qrupunda yer alan digər komandalar - Peru və Danimarka yığmaları üz-üzə gələcəklər. Bu görüş İdman Azərbaycan kanalında canlı yayımlanacaq.
Günün saat 23:00-da başlayacaq sonuncu qarşılaşması “D” qrupunun iştirakçıları Xorvatiya və Nigeriya milliləri arasında keçiriləcək. Azərbaycanlı futbolsevərlər bu oyunu İctimai Televiziyadan izləyə biləcəklər.