“Rusiya 2018”: Argentina-İslandiya oyununda qalib müəyyənləşməyib - FOTOLAR
“Rusiya 2018”in üçüncü günündə “D” qrupunda yer alan Argentina və İslandiya milliləri arasında keçirilən oyunda qalib müəyyənləşməyib.
NUHÇIXAN xəbər verir ki, Moskvadakı “Spartak Arena”da oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.
Oyuna fəal başlayan Argentina millisi matçın 19-cu dəqiqəsində hesabı açıb. Topu rəqib qapısından Serxio Aquero keçirib. Bundan dörd dəqiqə sonra Alfred Finnboqason Argentina millisinin qapısı qarşısında yaranmış qarışıqlıqdan istifadə edərək hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq ilk hissənin sonunadək hesab dəyişməyib.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 63-cü dəqiqəsində Xerdur Maqnussonun Maksimiliano Mesaya qarşı kobud oyununa görə, İslandiya millisinin qapısına penalti zərbəsi təyin olunub. Ancaq Messi penalti zərbəsindən istifadə edə bilməyib. Bu, Argentina millisinin dünya çempionatları tarixində dəqiq yerinə yetirmədiyi üçüncü penalti zərbəsi olub. Belə ki, Fernando Paternoster 1930-cu və Ariel Orteqa isə 2002-ci il dünya çempionatında bu fürsətlərdən yararlana bilməyiblər.
Beləliklə, Argentina-İslandiya oyunu 1:1 hesablı heç-heçə yekunlaşıb.
Xatırladaq ki, bu gün “C” qrupu çərçivəsində keçirilən oyunda Fransa millisi Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub edib.
Günün futbol həyəcanı davam etməkdədir. Bakı vaxtı ilə saat 20:00-da “C” qrupunda yer alan digər iki komanda - Peru və Danimarka yığmaları üz-üzə gələcəklər. Bu görüş İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Saat 23:00-da isə “D” qrupunun iştirakçıları - Xorvatiya və Nigeriya milliləri meydançaya çıxacaqlar. Azərbaycanlı futbolsevərlər bu oyunu İctimai Televiziyadan izləyə bilərlər.