Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında konsert proqramı təşkil olunub.
NUHÇIXAN xəbər verir ki, tədbirin aparıcıları ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gəncləri həmişə diqqət mərkəzində saxladığını vurğulayıblar. Qeyd olunub ki, Ulu Öndər daim “Gənclər həyatımızın bəzəyidir”, “Gənclər bizim gələcəyimizdir” ifadələrini xüsusi vurğu ilə səsləndirərək, gənc nəsli ictimai-siyasi həyatda fəal iştirak etməyə həvəsləndirir, dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi önəm verirdi. Azərbaycanda fevral ayının 2-nin Gənclər Günü kimi qeyd edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır.
Vurğulanıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda da uğurla həyata keçirilir. Gənclər bütün sahələrdə aparıcı qüvvə rolunda çıxış edirlər. Gənclərə göstərilən diqqət, qayğı və etimadın bariz nümunəsidir ki, Naxçıvan gəncləri muxtar respublika paytaxtının 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsinə öz səyləri ilə nail olublar. Bu gün gənclərimiz üzərlərinə düşən vəzifələri dərk edir, muxtar respublikanın qlobal məkanda tanıdılması üçün sosial şəbəkələrdə fəallıq göstərirlər.
Diqqətə çatdırılıb ki, bu günkü tədbir üç əlamətdar hadisə -ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, 15 İyun-Milli Qurtuluş Günü və Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibəti ilə təşkil olunub. Bu əlamətdar bayramları qeyd etmək üçün Bakı şəhərindən dəvət olunmuş müğənnilərin ifasında konsert proqramı təşkil olunub.
Konsertdə naxçıvanlı müğənnilər Coşqun Hüseynovun, Gülyanaq Fərzəliyevanın, Elton Hüseynəliyevin və Əli Pormehrin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.