Futbol üzrə Azərbaycan Premyer Liqasının fevralın 7-8-də keçiriləcək XVI turunun oyunlarına hakim təyinatları açıqlanıb.
NUHÇIXAN Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında “Sabah” və “Qəbələ” komandaları “Bank Respublika Arena”da görüşəcəklər. Saat 19:00-da başlayacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək.
Günün ikinci görüşü olan “Keşlə”-“Səbail” matçının idarə edilməsi isə Əliyar Ağayevə həvalə olunub. “ASK Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.
Fevralın 8-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”–“Zirə” oyununda baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Matç saat 17:30-da başlayacaq.
Premyer Liqanın XVI turuna həmin gün saat 20:00-da başlayacaq “Qarabağ”-“Neftçi” matçı ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunda ədaləti Rauf Cabarov qoruyacaq.
Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
On beş turdan sonra turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Keşlə” və “Neftçi” klubları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq, “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.