“Mançester Siti” klubu “Barselona”nın argentinalı kapitanı Lionel Messinin klub rəhbərliyi ilə yaranan münaqişə səbəbindən komandanı tərk etməyi düşünməsi təqdirdə ona müqavilə təklif etməyə hazırlaşır.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, İngiltərə klubu Messi ilə “Barselona”nın idman direktoru Erik Abidal arasında yaranan qarşıdurmadan yararlanmağa çalışır. Argentinalı hücumçu E.Abidalın sabiq baş məşqçi Ernesto Valverde barədə sözlərinə reaksiya verib. İdman direktoru bildirib ki, komanda E.Valverdeni tənqid edir və tam gücünü ortaya qoymurdu. Lionel Messi isə klub rəsmisindən narazıların adlarını çəkməsini tələb edib: “Hər kəs öz məqsədlərinə görə məsuliyyət daşımalıdır. İdman departamentindən olanlar da ilk növbədə, klub idarəçiliyinə cavabdeh olmalıdırlar”.
Argentinalı hücumçunun hazırkı müqaviləsi 2021-ci ilin yayınadək qüvvədədir.
İngiltərə klubunun idman direktoru Çiki Beqiristay, menecer Ferran Soriano və baş məşqçi Xosep Qvardiolanın münasibətlərinin (hər üçün daha öncə “Barselona”da işləyib) futbolçu ilə yaxşı olduğu üçün “Mançester Siti” Messinin keçidində daha şanslı görünür.
Xatırladaq ki, Kataloniya klubu X.Qvardiolanın rəhbərliyi ilə iki dəfə UEFA Çempionlar Liqasının, üç dəfə isə İspaniya çempionatının qalibi adını qazanıb. Ümumilikdə, Messi “Barselona” ilə 4 dəfə Çempionlar Liqasının, 10 dəfə İspaniya çempionatının, 6 dəfə “Qızıl top” mükafatının qalibi olub. Lionel Messi cari mövsümdə “Barselona”nın heyətində 24 oyunda 19 qol vurub və 12 məhsuldar ötürmə edib.