Azərbaycan karateçiləri Macarıstanda keçirilən Avropa çempionatında 8 medal qazanıblar - FOTOLAR
Azərbaycan karateçiləri Macarıstanda yeniyetmə və gənclərin növbəti Avropa çempionatını 8 medalla başa vurublar.
NUHÇIXAN xəbər verir ki, mötəbər yarışın son günü daha 2 bürünc mükafata sahib olan milli komandamız, ötən illərki statistik göstəricilərini yeniləyərək rekord nəticə qazanıb. 18-21 yaşlı gənclər arasında üçüncü yeri tutan Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq, hər iksinin məşqçisi Seymur Xudaverdiyev) bürünc medalların sayını üçə çatdırıblar.
Xatırladır ki, çempionatın əvvəlki günlərində 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq, məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (-76 kq, məşqçisi Namiq Priverdiyev) və Osman Osmanlının (+76 kq, məşqçisi Rövşən Allahverdiyev) Avropa çempionluğu, Ayla Rzazadənin (-59 kq, məşqçisi Seymur Xudaverdiyev) gümüş medala, Əminağa Quliyevin (-61 kq, məşqçisi Elnur Həsənov) isə bürünc mükafata sahib olması, həmçinin bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrdə Fərid Savadovun (-57 kq) birinci yerə çıxması ötən rekordları yeniləyib.
Tale Yaqubov (-68 kq, məşqçisi Cahangir Babayev), Hümmət Baxşəliyev (-67 kq, məşqçisi Vüqar Hüseynov), Arina Bezrebra (+54 kq) və Həsənəli Həsənəliyev (kata) bürünc medal uğrunda həlledici görüşdə məğlub olublar. Murad Hacızadənin (+84 kq) təsəlliverici döyüşdə hakim qərəzliyi idmançımızın məğlubiyyətinə səbəb olub.
Yeniyetmə və gənclər seçmə komandasının baş məşqçisi Anar Allahverdiyev və kişilərdən ibarət milli komandanın böyük məşqçisi Şahin Xudaverdiyevin rəhbərliyi ilə Avropa çempionatında çıxış edən Azərbaycan karateçiləri 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 52 ölkə arasında 3-cü pilləni tutaraq, bu yaş qruplarının tarixində ən yüksək nəticə göstərib. A.Allahverdiyevin qeyd etdiyinə görə, yeniyetmələrin heyətində 2022-ci il gənclərin olimpiadasına lisenziya qazana biləcək perspektivli idmançılar da var.
Əlli iki ölkədən 1155 idmançının qatıldığı Yeniyetmə və Gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatını idarə edən hakimlər arasında beynəlxalq referilər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası (EKF) idarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıları mükafatlandırma mərasimində iştirak edib. Beynəlxalq karate mütəxəssisləri və EKF rəsmiləri Azərbaycan karateçilərinin çıxışlarını yüksək dəyərləndiriblər. Yeniyetmə və gənclərin növbəti Avropa çempionatı Polşada keçiriləcək.