"Rusiya 2018": meydançaya Braziliya və İsveçrə komandaları çıxıblar - FOTOLAR
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının dördüncü gününün sonuncu - üçüncü oyununda “E” qrupunda yer alan Braziliya və İsveçrə milliləri qarşılaşırlar.
NUHÇIXAN xəbər verir ki, “Rostov Arena”da oynanılan görüşü meksikalı referi Cezar Ramos idarə edir. Saat 22:00-da start götürən oyun İdman Azərbaycan kanalında canlı yayımlanır.
Braziliya millisinin start heyətində Alison Beyker, Tiaqo Silva, Miranda, Danilo, Marselo, Paulinyo, Kazemiro, Vilyam, Neymar, Filip Koutinyo, Qabriyel Xesus yer alıblar.
İsveçrə yığmasının heyətində isə Yann Zommer, Manuyel Akanji, Fapian Şer, Rikardo Rodriqez, Stefan Lixtştayner, Qranit Jaka, Valon Bexrami, Stiven Cuber, Djerdan Şakiri, Blerim Cemaili, Xaris Seferoviç meydançaya çıxıblar.
Qeyd edək ki, Bu komandalar dünya çempionatlarında ilk dəfə 1950-ci ildə təşkil olunan mundialın qrup mərhələsində qarşılaşıblar. Həmin oyun 2:2 hesabı ilə nəticələnib.
Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu – beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.
İsveçrəlilərin dünya çempionatlarında debütü 1934-cü ildə olub. Onlar mundialda on birinci dəfədir, iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-cü illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazana bilmişdilər.
Xatırladaq ki, Braziliya milli komandasının yer aldığı “E" qrupu çərçivəsində bu gün Kosta-Rika millisi Serbiya ilə qarşılaşıb. Görüş serbiyalıların 1:0 hesabı ilə qələbəsi ilə başa çatıb.
Günün ikinci görüşündə isə dördqat dünya çempionu Almaniya millisi gözlənilmədən Meksika yığmasına 1:0 hesabı ilə məğlub olub.