Fransanın Lievin şəhərində təşkil olunan badminton üzrə komandalararası Avropa çempionatında mübarizə aparan Azərbaycan millisi fevralın 11-də birinci oyunda İslandiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
NUHÇIXAN xəbər verir ki, komandamızın baş məşqçisi Morteza Validarvin Avropa çempionatında heyətdə Orxan Qələndərov, Səbuhi Hüseynov, Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Cahid Əlhəsənov və Aqil Qəbilova yer verib. Beşinci qrupda yer alan millimizin rəqibləri Almaniya, Çexiya və İslandiya yığmalarıdır. Kişi badmintonçulardan ibarət kollektiv fevralın 12-də Almaniya, bir gün sonra isə Çexiya ilə qarşılaşacaq.
Komandaların sayından asılı olmayaraq, qruplarda birinci yeri tutan seçmələr pley-off mərhələsinə yüksələcəklər. Oyunların formatı 3 şəxsi və 2 qoşa görüşdən ibarətdir. Qarşılaşmalar “Arena Stad Kuver”də oynanılacaq.