“Tokio-2020” Olimpiya Oyunlarının təşkilat komitəsinin sədri Yoşiro Mori bəyan edib ki, yeni koronavirusla bağlı yarışların təxirə salınması və ya vaxtının dəyişdirilməsi məsələsi rəsmi şəxslər tərəfindən müzakirə edilmir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Y.Mori fevralın 13-də Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələri ilə keçirilən görüşdə məlumat verib.
Oyunlara hazırlığın gedişi ilə bağlı iki gün davam edəcək müzakirələrdə BOK-un əlaqələndirmə komissiyasının sədri Con Kouts bildirib ki, yeni koronavirus təşkilatçıların gözlənilmədən qarşılaşdığı problemdir. Oyunlarda iştirak etmək üçün Yaponiyaya gələcək idmançıların və digər rəsmi şəxslərin yeni koronavirusa yoluxmaması üçün lazım olan bütün tədbirlər görülməlidir.
Əlaqələndirmə komissiyasının sədri əlavə edib ki, o, Yaponiya hökumətindən, Tokio rəhbərliyindən və təşkilat komitəsindən bu məsələ ilə bağlı görülən tədbirlər barədə cavabı səbirsizliklə gözləyir.
Y.Mori bildirib ki, sosial şəbəkələrdə yeni koronavirusa görə Tokio Oyunlarının təxirə salınacağı barədə məsuliyyətsiz şayiələr yayılır. Lakin təşkilat komitəsi Oyunların nə təxirə salınması, nə də vaxtının dəyişdirilməsi məsələsini müzakirə etməyib. Təşkilat komitəsi tərəfindən koronavirusun profilaktikası ilə əlaqədar informasiya mübadiləsi məqsədilə xüsusi qrup yaradılıb.
Görüşdə Tokiodan Sapporoya dəyişdirilmiş marafon və idman qaçışı üzrə yarışlara hazırlığın gedişinin müzakirə olunacağı da bildirilir.