Məşhur booking.com saytı futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək populyar şəhərlərin siyahısını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, turnirin dörd oyununa ev sahibliyi edəcək Bakı ilk beşlikdə qərarlaşıb. Sankt-Peterburqun birinci olduğu siyahıda sonrakı yerlərdə Roma, Kopenhagen, Bakı və Dublin şəhərləri yer alıblar.
Sayt çempionatın maraqlı üç oyununu da açıqlayıb. Belə ki, iyunun 13-də Danimarka və Finlandiya yığmaları arasında Kopenhagendə keçiriləcək matç ilk pillədə qərarlaşıb. İkinci yerdə isə iyunun 13-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq Uels-İsveçrə qarşılaşması yer alıb. İlk üçlüyü iyunun 17-də Sankt-Peterburqda baş tutacaq Rusiya-Finlandiya matçı tamamlayıb.
İngiltərə, Finlandiya və İsveç azarkeşləri “Avro-2020”nin oyunlarının keçiriləcəyi şəhərlərdə ən çox otel sifariş edənlər sıyahısında ilk üçlükdə yer alıblar.
Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun), İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.