Fevralın 13-də futbol üzrə Türkiyə kuboku yarışlarının dörddəbir final mərhələsinin sonuncu cavab qarşılaşmaları keçirilib.
NUHÇIXAN xəbər verir ki, “Trabzonspor” səfərdə ikinci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb. Birinci oyunda 5 cavabsız qolla qalib gələn trabzonlular bu dəfə rəqibini 4:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. Qaradəniz təmsilçisi yarımfinalda “Fənərbağça” ilə qarşılaşacaq.
Ölkə kubokunun dörddəbir final mərhələsinin son oyunda “Antalyaspor” səfərdə “Sivasspor”un qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb. Birinci matç qolsuz bərabərliklə yekunlaşdığından “Antalyaspor” səfərdə vurduğu qol hesabına yarımfinala yüksəlib. Antalya təmsilçisi yarımfinalda “Alanyaspor”la qarşılaşacaq.
Türkiyə kubokunun yarımfinal matçları martın əvvəlində keçiriləcək.