“Tokio-2020” Olimpiya Oyunlarının məşəl estafetinin ilk əsas məşqi keçirilib - FOTOLAR
“Tokio-2020” Olimpiya və Paralimpiya oyunlarının məşəlinin Yaponiyaya gətirilməsinə bir aydan çox vaxt qalıb.
NUHÇIXAN xəbər verir ki, fevralın 15-də bununla əlaqədar Tokionun Hamura şəhərində məşəl estafetinin Yaponiya mərhələsinin ilk əsas məşqi keçirilib.
Şənbə günü səhər saatlarında dörd atlet yandırılmamış Olimpiya məşəlini əllərində tutaraq təqribən 200 metrlik məsafəni qət ediblər. Hərəkətin məhdudlaşdırıldığı yol boyunca qaçan məşəlçiləri yolun kənarında durmuş şəhər sakinləri və hökumət məmurları izləyiblər. Kənarlarında təhlükəsizlik xidmətinin və polis əməkdaşlarının dayandığı marşrut boyunca atletləri sponsorların və təşkilat komitəsinin avtomobilləri müşayiət edib.
Olimpiya məşəlinin estafeti üçün seçilmiş məşhur aktrisa Satomi İşihara əsas məşqin üçüncü hissəsinə qatılıb.
Məşqdən sonra fikirlərini bölüşən 33 yaşlı aktrisa deyib: “Yürüşdən əvvəl çox həyəcanlı idim. Lakin hər şey çox tez baş verdi. Estafetə qatıldığıma görə çox şadam”.
Həmin gün keçiriləcək məşqlər zamanı 71 santimetr hündürlüyündə olan və yapon sakurası şəklində hazırlanan məşəl Tokionun Kokubunci və Haçiyoci şəhərlərinə də aparılıb.
Qeyd edək ki, Olimpiya məşəli martın 12-də Yunanıstanda yandırılacaq və bu ölkədəki mərhələ başa çatdıqdan sonra o, Yaponiyaya gətiriləcək.
Estafetin ölkədaxili seqmenti isə martın 26-da Fukuşima prefekturasında başlayacaq. Həmin mərhələdə məşəl 10 minədək iştirakçı tərəfindən Yaponiyanın 47 prefekturasında səyahətdə olacaq. Məşəlin Oyunların rəsmi açılışının keçiriləcəyi Tokio Milli Stadionuna iyulun 24-də gətirilməsi planlaşdırılır.